Yolları dağıdan, tunel tavanına qədər yüksələn yağış suları: AAYDA hara baxır?

Cəmiyyət 22 Oktyabr 2024 | 14:26
OXUNUB: 8152

Hər dəfə Bakıya güclü yağışlar yağanda bəzi avtomobil yollarında və tunellərdə böyük həcmdə yağış sularının yığılması müşahidə edilir. Eyni hal oktyabrın 21-i və 22-si tarixlərində yağan güclü və fasiləsiz yağışlardan sonra da təkrarlanıb. 


Sfera.az xəbər verir ki, yağışların yağmasından sonra şəhərin əksər tunelləri su ilə dolub, avtomobillərin bu tunellərdən hərəkəti qeyri-mümkün olub. Sosial şəbəkərlərdə paylaşılan görüntülərdən, rəsmi dövlət qurumları tərəfindən açıqlanan məlumatlardan görünür ki, bəzi tunellərdə yığılan suyun səviyyəsi hətta tunel tavanına qədər yüksəlib, minik avtomobilləri, avtobuslar suyun içində qalıb. Yaranmış vəziyyət onu göstərir ki, tunellər inşa edilən zaman yağış və sel sularının çəkilməsi üçün layihələndirilən və qurulan nasos stansiyaları işlək vəziyyətdə olmayıb. Əgər nasos stansiyaları işlək vəziyyətdə olsaydı, tunellərdə ya su yığılmazdı, ya da yığılan suyun səviyyəsi çox aşağı olardı. 


Belə anlaşılır ki, nasos stansiyalarının istismarı üçün ayrılan vəsait düzgün xərclənməyib. Vəsaitlər təyinatına uyğun xərclənsə və nasos stansiyaları saz vəziyyətdə olsa idi, Bakı bu gün sözügedən problemi yaşanmazdı. Azərbaycanda şəhərlərdə və digər yaşayış məntəqələrində avtomobil yollarının və yol qurğularının qorunub saxlanılması və onların vəziyyətinə nəzarətin təmin edilməsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən həyata keçirilir.

 

AAYDA körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, tikilməsi və istismarına birbaşa cavabdehdir. Qurum hər il dövlət büdcəsindən yolların əsaslı və adi təmiri üçün böyük məbləğdə vəsait alır. Vəsaitin bir hissəsi məhz Bakı şəhərində yol infrastrukturunun qorunması, yollara və yardımçı qurğulara xidmətin təşkili məqsədilə ayrılır. 


Quruma verilən səlahiyyətə uyğun olaraq o, avtomobil yollarında, tunellərdə yığılan yağış və yeraltı qrunt sularının kənarlaşdırılması üçün nasos stansiyaları quraşdırır və onların istismarını təşkil edir. Paytaxtın bəzi yollarının və tunellərin yerləşmə mövqeyi elədir ki, yağışdan sonra bu qovşaqlardan suların təbii axarla çəkilməsi mümkün deyil. Buna görə də həmin yerlərdən suların kənarlaşdırılması üçün nasos stansiyaları quraşdırılır. 


Son iki gündə bəzi yolları və tunelləri su basması onu göstərir ki, nasos stansiyaları nasaz vəziyyətdə olub, işləməyib. Adətən nasosxanalar layihələndirilən zaman fövqəladə hal da nəzərə alınır. Yəni güclü yağışlar zamanı yaranan böyük həcmdə suyun kənarlaşdırılması üçün birinci nasos stansiyası ilə yanaşı ikinci -  yardımçı nasos stansiyası da nəzərdə tutulur. Belə hava şəraitində əsas və yardımçı nasosxanalar işə salınmalıdır. Lakin yağışların dayanmasından sonra tunellərdə hələ də suyun qalması ondan xəbər verir ki, nəinki ikinci nasasxona, hətta birinci nasosxanalar da işlək vəziyyətdə olmayıb. Əks halda tunel və yollarda suyun səviyyəsinin sürətlə azalması müşahidə edilərdi. 


Nasos stansiyalarının işlək vəziyyətdə olmaması bu qurğulara xidmət göstərən, onların təmirini həyata keçirməli olan AAYDA-nın öz üzərinə düşən öhdəliyini yerinə yetirmədiyini, bu məqsədlə hər il ayrılan vəsaitləri təyinatı üzrə xərcləmədiyini göstərir.

Tunellərdə və digər yol qovşaqlarında böyük həcmdə suyun yığılması həmin qurğuların zərər görməsinə, daha tez sıradan çıxmasına da rəvac verir. Yığılan sular yolların birinci “düşməni” hesab olunur. Uzun müddət qalan su yol örtüyünün üst hissəsini və yol yatağını dağıtdığından yollar daha tez dağılır, onların daha tez təmirə ehtiyacı yaranır. Dolayısı ilə zəruri yerlərdə quraşdırılan nasos stansiyalarının istismarının düzgün təşkil edilməməsi dövlət vəsaitinin səmərəli istifadə edilməməsindən xəbər verməklə yanaşı, həm də yol infrastrukturunun daha tez sıradan çıxmasına, dövlət əmlakının ciddi zərər görməsinə səbəb olur. 


Altay  

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man