Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan və qondarma Dağlıq Qarabağ təhlükəsizlik şuralarının birgə iclasını keçirmək niyyətindədir.
Sfera.az xəbər verir ki, bu barədə "Hraparak” qəzeti məlumat yayıb.
Görüşün cümə günü baş tutacağı gözlənilir.
Qəzet qeyd edir ki, Ermənistanın hökumət başçısı əvvəlki bəyanatlarını redaktə etmək, Qarabağ rəhbərliyini Qarabağı Azərbaycana təslim etməyəcəklərinə və onun taleyini "Qarabağ xalqı”nın həll edəcəyinə inandırmaq istəyir.
"Hraparak” eyni zamanda bildirib ki, Paşinyan Azərbaycanla sülh sazişi imzalamaq planlarından əl çəkməyib. Görüşün isə bir məqsədi var: baş nazir öz məsuliyyətini digər şəxslərlə, o cümlədən Qarabağ rəsmiləri ilə bölüşməyə çalışacaq.
Aprelin 13-də parlamentdə çıxış edən baş nazir vurğulamışdı ki, Ermənistanın bütün yaxın və uzaq dostları ondan bu və ya digər konfiqurasiyada Qarabağın statusu ilə bağlı plankanı aşağı salmağı gözləyirlər.