Abşeron rayonunda I və II Qarabağ müharibəsində vətənin bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsinə və qazilər üçün iftar süfrəsi açılıb.
Sfera.az xəbər verir ki, tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri, din xadimləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak edib.
Ziyafətdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və dövlət himni səslənib.
RİH başçısı Abdin Fərzəliyev çıxış edərək şəhidlərin ailə üzvlərinin hamımızın başının tacı olduğunu və artıq xalqımızın qisasının alındığını bildirib.
Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ordumuz cəmi 44 gün davam edən Vətən Müharibəsində düşməni məğlub edib. Xalqımız "Dəmir Yumruq” ətrafında sıx birləşərək 30 illik vətən həsrətinə son vermiş, bütün şəhidlərimizin qisasını döyüş meydanında alıb.
Hazırda işğaldan azad olunan dədə-baba yurdlarımızda sürətli və böyük quruculuq, abadlıq işlərinin aparıldığını önə çəkən RİH başçısı çox tez bir zamanda oradakı şəhər və kəndlərimizin yenidən inşa olunacağını, müasir standartlara uyğun infrastruktur və kommunal sistemlərin qurulacağını və beləliklə də oradakı həyatın tezliklə yenidən canlanacağını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Ramazan günlərində anım tədbirlərin davamlı olacağını, Abşeron rayonunun digər kənd və qəsəbələrdə də ayrı-ayrılıqda iftar ziyafətlərinin açılacağını qeyd edən başçı burada əsas məqsədin şəhidlərimizin əziz xatirəsini həyatımızın bütün anlarında, xalqımıza xas olan ən əziz günlərimizdə, bayramlarımızda yada salmaq və ruhlarına dualar oxumaq olduğunu qeyd edib.
Daha sonra Xırdalan şəhər "Cümə” məscidinin imamı Hacı Azər Qafarov, ilahiyyatçı Hacı Şahin Həsənli, şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova, şəhid Elşad Həsənovun həyat yoldaşı Aksana Həsənova və Abşeron Rayon Ağsaqqallar Şurasının sədri Nadir Ağayev çıxış edərək Vətən Müharibəsində Azərbaycanın əldə etdiyi şərəfli qələbədən, ordumuzun göstərdiyi şücaətlərdən danışıb, vətənimizin bütövlüyü uğrunda canlarını fəda edən igidlərimizin şəhadətin uca məqamın olduğunu qeyd etmiş, ölkəmizdə şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində diqqət və qayğının göstərildiyini vurğulayıb. Çıxışçılar bütün bunlara görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini ifadə ediblər. Sonda din xadimləri şəhidlərin əziz ruhlarına dualar oxuyublar.