Ötən gün bloqer Hüseyn Həsənovla görüşə gələn şəxsləri kəmərlə vurduğu deyilən şəxs həbs olunub.
Sfera.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən Bakıda ticarət mərkəzindəki izdihamla bağlı bildirilib ki, xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq ticarət mərkəzinə daxil olan hər bir vətəndaşın vaksinasiyadan keçməsini təsdiq edən sertifikatın "QR” kodu və qoruyucu tibbi maskadan istifadə etməsi polis əməkdaşları tərəfindən mərkəzin girişində yoxlanıldıqdan sonra onların qapalı məkana daxil olmalarına icazə verilib. Lakin ticarət mərkəzinə gələn şəxslər obyektə daxil olduqdan sonra tibbi maskalarını çıxardıblar. İri ticarət mərkəzlərinin daxilində insanların tibbi maskadan istifadə etmələrinə həmin obyektin əməkdaşları tərəfindən nəzarət olunur.
Pandemiya ilə əlaqədar tətbiq olunmuş qaydaların pozulması ilə müşaiyət olunan tədbir zamanı qeydə alınan videogörüntülərdə bir nəfərin kəmər ilə səhnəyə vurması da əks olunur. Həmin şəxs müəyyən edilərək saxlanılıb. Bakı şəhər sakini olan Arif İbrahimov izahatında bildirib ki, o, kəməri insanlara deyil yalnız səhnəyə vurub. Buna baxmayaraq A.İbrahimov inzibati qaydada 15 sutka həbs olunub. Hazırda hadisənin baş verdiyi obyektin məsul şəxsləri barədə araşdırmalar aparılır və nəticəsindən asılı olaraq müvafiq tədbirlər görüləcək.
Qeyd edək ki, hadisə ilə bağlı bloqer Hüseyn Həsənov Arif İbrahimovun insanları vurmadığını bildirmişdi: "O insanlara yox, divara vururdu. Divara vururdu ki, insanlar əlin çəksin. Çünki orada bir qız huşunu itirmişdi, onu çıxarmağa çalışırdı. Videoda insanları vurduğu görünə bilər. Amma bu, onun nəyinə lazımdır?”.