"İsmayıllı-Lahıc yolunun 28-ci kilometrliyində sərt yamac üzrə kiçik bir sahədə lokal uçma prosesi baş verib. Bu sürüşmə deyil, yalnız uçma xarakterli geoloji prosesdir. Hündürlüyü 80 m olan dik yamacın uçması nəticəsində yolun 6-8 m hissəsi tamamilə bağlanmışdı”.
Sfera.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev APA-ya açıqlamasında bildirib.
O qeyd edib ki, əhəngdaşı və qumdaşı tərkibli sıxlaşmış asılı geoloji süxurlar dayanıqlılığını itirib və yol boyunda kiçik bir ərazini bağlayıb: "Hazırda ərazidə bərpa-təmir işləri gedir. Hərəkət müəyyən qədər təmin edilib. Amma iri bir qaya parçasının yolun əsas hissəsində qalması çətinlik doğurur. Bununla bağlı da hazırda işlər görülür. Proses son dövrlərin yağışları nəticəsində dik yamac boyu islanma hadisəsinin artması, süxurların ağırlaşması və eyni zamanda çatlı süxurlarda dayanıqlılığın itməsi nəticəsində baş verib”.