Xəzər rayonu, Mərdəkan qəsəbə sakini Rafael Samir oğlu Adilov Məhəmməd Bəxtiyar oğlu Möhbalıyevin taxta parçası ilə yetirdiyi xəsarət nəticəsində gözündən ciddi şəkildə zədə alıb. Hazırda görmə qabiliyyətini itirib.
Sfera.az xəbər verir ki, bu barədə axar.az-a R.Adilovun anası Günel Adilova məlumat verib.
O bildirib ki, hadisə Mərdəkan qəsəbəsi 28 May küçəsində 10 avqust 2020-ci il tarixdə, axşam 20:00 radələrində baş verib. Hadisə baş verən zaman M.Möhbalıyevin 15, R.Adilovun isə 16 yaşı olub:
"Hadisə zamanı təcili yardım çağırmaq istəsək də, M.Möhbalıyevin atası Bəxtiyar Möhbalıyev icazə vermədi. Bildirdi ki, zəng etsək, oğlu polis tərəfindən saxlanıla bilər. Biz etiraz etsək də, B.Möhbalıyev oğluna yaşı ilə əlaqədar iş düşməyəcəyini dedi. Şikayət etməyəcəyimiz təqdirdə oğlumun gözünü müalicə edəcəyinə söz verdi”.
G.Adilova bildirib ki, oğluna beyin silkələnməsi diaqnozu qoyulub:
"Bir müddət sonra oğlumun tor qişası qopdu. Əməliyyata 2 min pul istənildi. Ailə bu pulu verməkdən imtina etdi. Oğlum həmin xəsarətdən sonra görmə qabiliyyətini itirdi. Əməliyyatdan sonra belə 1% görmə qabiliyyəti qaldı. Sol gözünün görməməsi səbəbindən sağ gözü də görmə imkanı 8%-ə düşüb. 2020-ci ilin 22 oktyabrında Bəxtiyar Möhbalıyev barədə polisə şikayət etdim. Müstəntiq Raisə Rüstəmova B.Möhbalıyevdən rüşvət alıb, məsələni bağladı. Baş Prokurorluğa şikayət etdikdən sonra iyun ayında 15 yaşlı M.Möhbalıyevə 1 il 5 ay gecə 23:00-dan səhər 07:00-a qədər evdən çıxmama "cəzası” verildi. Bu gülünc cəza ilə bərabər heç bir təzminat ödənilmədi, nə də bu qərarda övladımın sağlamlığına dair heç bir tələb olmadı. Hazırda məsələ Apellyasiya Məhkəməsindədir”.
Qeyd edək ki, Bəxtiyar Möhbalıyevin millət vəkili Səttar Möhbalıyevin qardaşı oğlu olduğu iddia edilir.