"Aztəminatlı təbəqədən olan ailələrin üzvlərinin təhsilə əlçatanlığının təmin edilməsi məqsədi ilə dövlət tərəfindən "Təhsil Tələbə Krediti Fondu”nun yaradılması və bu Fondun vəsaiti hesabına tələbələrə kreditlərin verilməsi mütərəqqi haldır. Daha çox tələbəni əhatə edə bilməsi üçün bu Fondun vəsaitinin artırılması, əyani təhsil alan tələbələrlə yanaşı, qiyabi formada təhsil alan tələbələri də əhatə etməsi daha yaxşı olardı.” Bu təkliflər Milli Məclisin deputatı Könül Nurullayeva tərəfindən irəli sürülüb. O, həmçinin təhsilalanların bəzi dərsliklərə əlçatanlığının təmin edilməsi məqsədi ilə dərsliklərin rəqəmsal nüsxələrinin yaradılması və onlayn platformalarda yerləşdirilməsinin təhsilin inkişafında mühüm rol oynadığını qeyd edib. Ölkəmizdə elektron kitab, dərslik, dərs vəsaiti, elektron kitabxana sisteminin genişləndirilməsinə, o cümlədən dağ rayonlarında fasiləsiz internetin təmin olunmasına böyük ehtiyac olduğunu da bildirib.
Deputat həmçinin məşğulluq məsələlərinə də toxunub: "Dövlət tərəfindən "Məşğulluq marafonu” çərçivəsində şəhid ailə üzvlərinin, müharibədə xəsarət almış şəxslərin və müharibə iştirakçılarının məşğulluğunun təmin edilməsi yüksək dəyərləndirilməlidir. Məşğulluq probleminin aradan qaldırılması istiqamətində səylərin artırılması məqsədəmüvafiq olar. Bununla yanaşı, sosial müdafiəyə daha çox vəsaitin ayrılması sosial rifahın daha da yüksəldilməsinə gətirib çıxarar.”
K.Nurullayeva eyni zamanda "YAŞAT” Fondu tərəfindən qazi və müharibə iştirakçılarına və onların yaxın ailə üzvlərinə müalicə və psixoloji dəstək üçün daha çox vəsaitin ayrılmasını da təklif edib.
Həmçinin gənclər arasında sağlam həyat tərzinin təbliği baxımından, eyni zamanda ölkəmizin beynəlxalq arenada idman yarışlarında daha böyük naliyyətlər əldə etməsi üçün ümumilikdə idmana ayrılan vəsaitin həcminə yenidən baxılmasının zəruriliyinə diqqət çəkib: "Çünki istər idmançıların peşəkar yarışlara hazırlığı və xarici ölkələrə səfərləri, istərsə də yarışlarda iştirakı maliyyə vəsaiti yetərli olmadıqda demək olar ki, mümkünsüz olur.”