Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının ötən gün Bakıda keçirilən 15-ci iclası çərçivəsində Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumunun imzalanması Bakının növbəti sürpriz gedişi idi.
Əslində bütün diqqətlərin Ermənistan ərazisindən keçəcək Zəngəzur dəhlizi vasitəsilə Azərbaycanın Şərqi Zəngəzur hissəsindən Naxçıvanla quru əlaqəsinin bərpası ətrafındakı məsələlərə yönəldiyi, müzakirələrin getdiyi bir vaxtda rəsmi Bakı "B" planını işə salmaqla Ermənistana böyük gözdağı vermiş oldu. Belə ki, Zəngəzur dəhlizi ətrafında 44 günlük müharibənin bitdiyi zamandan bu yana manipulyasiyalarla məşğul olan, növbəti dəfə vaxt qazanmaq məqsədilə bu dəhlizdən rıçaq kimi istifadə etməyə çalışan İrəvan və onun qədər maraqlı olduğu görünməyən Moskva unutdu ki, Azərbaycan onların nə zaman ipə-sapa yatacağını gözləməyə bilər.
Dünyada baş verən son geosiyasi proseslər, gedən iqtisadi və hərbi savaşlar Azərbaycanı bu istiqamətdə təcili addımlar atması məsələsini zərurətə çevirdi. Rəsmi Bakı yaranan həssas durumdan maksimum yararlanmağa çalışdı və buna nail oldu. İranla imzalanan Anlaşma Memorandumu açıq-aşkar görünür ki, rəsmi Bakının Zəngəzur dəhlizinə alternativ gedişidir.
Azərbaycan İranla Zəngəzur dəhlizinə alternativ yolun inşası üzərində anlaşmaqla eyni anda birdən çox strateji gediş etdi:
I. Bu Anlaşma Memorandumu ilə Azərbaycan Ermənistanın əlini-qolunu tamamilə bağladı, onların vaxt qazanmaq üçün kartını əlindən aldı. Bununla da rəsmi Bakı üçtərəfli bəyanatlarda nəzərdə tutulan, lakin bu zamana kimi hələ də icra edilməyən bir çox önəmli məsələlərin həllini sürətləndirmiş oldu. Bura sülhməramlı kontingentin müvəqqəti nəzarət zonasındakı qanunsuz erməni silahlı birləşmələrinin tez bir zamanda tərksilah edilməsi, Laçın dəhlizinə nəzarəti ələ keçirmək və həmin ərazilərdə yaşayan yerli ermənilərin Azərbaycanın vətəndaşı kimi yaşayıb-yaşamamaq məsələsinə qısa zamanda aydınlıq gətirərək, Qarabağın dağlıq hissəsini Azərbaycan qanunvericiliyinə uyğun şəkildə idarəçilik məsələsini kökündən həll etmək.
Çünki artıq Azərbaycan Ermənistana zaman qazanmaq məqsədilə hər dəfə dəhliz məsələsi ətrafında danışıqları bu və ya digər şəkildə uzatmaqla Qarabağda separatçı qüvvələrin revanş imkanlarını genişləndimək imkanı verməyəcək. Necə ki, artıq bu istiqamətdə rus sülhməramlıların müvəqqəti nəzarət zonasında Ordumuzun timsalında bir canlanmanın da şahidiyik. Prezident İlham Əliyev üçtərəfli bəyanatların imzalanmasından bu yana az qala hər dəfə rəsmi İrəvana, revanşist qüvvələrə, onlara havadarlıq edən qüvvələrə çıxışlarında Azərbaycanın səbrinin bir yerə qədər olduğu xəbərdarlığını edirdi, bundan nəticə çıxarmağın Ermənistan üçün ən faydalı variant olacağını diqqətə çatdırırdı. Amma havadarlarının, himayədarlarının, ağalarının çaldığı havanın təsirindən heç cürə özünə gələ bilməyən, 44 günlük müharibədən nəticə çıxarmaqda çətinlik çəkən Ermənistanın ikili oyunlarına, təxribatlarına göz yummaq üçün Bakının nə səbri qaldığı görünür, nə də o həvəsdədir.
II. Azərbaycanla İran arasında İran ərazisindən keçməklə Şərqi Zəngəzur iqtisadi rayonu və Naxçıvan arasında yeni kommunikasiyaların yaradılması barədə Memorandumun nə qədər maraqlı gediş olduğunu təsdiqləyən növbəti məqam: Bu Memorandum rəsmi Bakının Ermənistana və Rusiyaya mesajıdır ki, Qərbi Zəngəzur dəhlizi ilə bağlı proseslərin icrasını yubatdıqlarına görə Azərbaycan alternativ variantdan istifadə etməli oldu. Bununla da rəsmi Bakı Ukrayna ilə müharibə şəraitində olan, misli-bərabəri olmayan Moskva üçün yaxın gələcəkdə nəfəslik rolu oynaya biləcək Zəngəzur dəhlizinin həllini tapması üçün İrəvana lazımı təzyiqi göstərməməyinin nə qədər səhv qərar olduğunu izah etmiş oldu. Eyni zamanda bu Memorandumla Azərbaycan Rusiyaya düşdüyü belə çətin vəziyyətdə Cənubi Qafqazda da bu zamana kimi əldə etdiklərini itirə bilmək təhlükəsini xatırlatmış oldu. Onsuz da Moskva Ukraynadakı müharibə ilə dünyanı qarşısına aldı, bir də Cənubi Qafqazda mövqeyini, nüfuzunu itirməklə daha da vəziyyətini çətin duruma salmağı gözə alacaq kimi görünmür.
Bu addımla Azərbaycan regionda İrana böyük qapı açmaqla yanaşı, Moskvanı da tez bir zamanda bu zamana kimi buraxdığı səhvi təlafi etməyə, Bakını narahat edən məsələlər ətrafında verdiyi qərarlara çəki-düzəm edib, özünü toparlamaq üçün verilən mesaj oldu. Beləcə qısa zamanda Rusiya Azərbaycanın 44 günlük müharibədən üzü bu yana az qala hər gün vacibliyindən, region dövlətləri üçün böyük əhəmiyyətindən danışdığı Zəngəzur dəhlizi ilə bağlı məsələləri tez bir zamanda tamamlayıb, istifadəyə verilməsi üçün əlini zirək tutmaq məcburiyyətində qala bilər.
III. Əslində, Zəngəzurdan nəzərdə tutduğu layihəsini İran üzərindən Ermənistan sərhədi ilə 5 kilometr məsafədən keçən Şərqi Zəngəzur rayonunu Naxçıvanla birləşdirəcək yeni yolla (dəhliz) həyata keçirən Azərbaycan üçün regional kommunikasiyanın aktuallığı arxa plana keçirdiyi diqqətdən qaçmır. Bakı bu addımı atmaqla, daha böyük hədəfləri müvəqqəti də olsa geri planda saxlamaqla İran üzərindən belə bir gediş edərək Moskva və İrəvana ən böyük itirənin kimin olacağını göstərmiş olur. Şübhəsiz ki, Azərbaycanın "B" planı Ermənistanla quru əlaqəsi yaratmaq istəyən Rusiyanın marağında deyil və rekord sanksiyalar qarşısında onsuzda çətin günlərini yaşayan Moskva bir də Ermənistana görə növbəti itkiləri qəbul edəcək kimi görünmədiyindən İrəvana təzyiqi artıra bilər. Bakıya isə yeni fürsətdən yararlanmaq qalacaq.
Azərbaycan İranla Anlaşma Memorandumu imzalamaqla yenə ən böyük zərbəni Ermənistan aldı. Yaxşı bəllidir ki, İrəvan İranla anlaşaraq, çox ciddi səylə "Fars körfəzi - Qara dəniz" marşrutu ilə Zəngəzur dəhlizinə alternativ yaratmaq niyyətində idi, amma sən saydığını say, gör dövran nə sayır. Rəsmi Bakı Tehranla imzaladığı bu anlaşma ilə Ermənistanın xəyal etdiyi marşrutun Azərbaycan üzərindən keçməsinə nail oldu. Beləcə, Azərbaycan Ermənistanın alternativ yaratmaq istədiyi Zəngəzur dəhlizinə alternativi həm özü yaratdı, həm də Azərbaycan Zəngəzur dəhlizinin açılmasında o qədər də maraqlı olmayan İrana regional layihələrdə iştirak imkanı yaratmaqla Ermənistanla münasibətlərdə və bölgədəki gələcək proseslərdə Tehranın ən azı neytrallığını təmin etmiş oldu.
Rəsmi Bakı istər İrəvana, istərsə də Moskvaya mesaj verdi ki, "Az qala 2 il olacaq ki, Zəngəzur dəhlizi ilə bağlı məsələdə nələrin olacağı ilə bağlı sizdən bir hərəkətlilik, bir addım gözləyirik. Siz hələ də düşünməyiniznə davam edin, ancaq biz də artıq praktiki olaraq öz işimizi görməyə başladıq".
(milli.az)